Əbəs yerə ailəni kiçik dövlətə bənzətməyiblər. Onun da öz qanunları, adəti, ənənəsi, yaşam tərzi, mühiti var.
Dünyada mövcud olan bu təbii birliklərin içərisində Azərbaycan ailəsinin də özünəməxs yeri var. Cəmiyyətin həyatında ailənin, xüsusən də anaların rolu mühüm əhəmiyyətə malikdir. Bu da səbəbsiz deyildir. Çünki hər bir qadının ən müqəddəs vəzifəsi analıq şərəfinə çatmaqdır. Körpəyə təkcə süd yox, həm də düzgün tərbiyə və təlim verilməlidir. Ta-qədimdən Azərbaycan ailəsində ağsaqqal-ağbirçək sözü önəmli sayılıb. Böyüyün, kiçiyin öz yeri olub. Abır və həya, namus və qeyrət Azərbaycan ailəsinin ülviliyini, üstünlüyünü şərtləndirən, müqəddəsliyinə təminat verən amillərdəndir. Azərbaycan ailəsinin, xüsusilə də qadınların hüquqlarının qorunmasını, azadlıq arzularının təminatçısı olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət proqlamları, verilən sərəncamlar, həmçinin prezidentimiz İlham Əliyevin bu sahədə apardığı siyasət hər bir Azərbaycan vətəndaşına aydındır. Azərbaycan ailəsi ölkə başçısının daim diqqətində olan prioritet məsələlərdəndir. Ailə və məktəb uşağın həyatında bir-birini tamamlayan iki mühüm dəyər məkanıdır. Gələcəyimizi etibar etdiyimiz uşaqların sağlam şəxsiyyət kimi formalaşması üçün bu iki tərəfin əməkdaşlığı və qarşılıqlı dəstəyi olduqca vacibdir. Unutmayaq ki, sağlam ailə, güclü məktəb və doğru dəyərlər — sağlam gələcəyin təməlidir.
