SAĞLAM NƏSİL – GÜCLÜ AZƏRBAYCAN

Sağlam gələcək sağlam nəsildən başlayır. Uşaqların və yeniyetmələrin fiziki sağlamlığı ilə yanaşı, onların düzgün qidalanması, sağlam həyat tərzi və gündəlik vərdişləri də böyük əhəmiyyət daşıyır. Xüsusilə məktəb yaşında uşaqların orqanizmi sürətlə inkişaf etdiyi üçün bu dövrdə düzgün yanaşma olduqca vacibdir.

Uşaqlar günün böyük hissəsini məktəbdə keçirirlər. Bu baxımdan məktəb yalnız bilik və bacarıqların formalaşdığı məkan deyil, həm də sağlam həyat vərdişlərinin aşılandığı mühüm bir mühitdir. Müasir dövrdə uşaqların gündəlik həyatında telefon, planşet və kompüter mühüm yer tutur. Fiziki aktivliyin azalması, uzun müddət ekran qarşısında oturmaq və düzgün olmayan gündəlik rejim, uşaqların sağlamlığına mənfi təsir göstərir. Sağlam uşağın formalaşmasında yalnız fiziki sağlamlıq deyil, onun psixoloji rahatlığı və məktəb mühitində özünü təhlükəsiz hiss etməsi də mühüm rol oynayır. Sağlam gələcək üçün bu gündən düzgün vərdişlər formalaşdırmalı, uşaqlarımıza sağlam həyat tərzi ilə yanaşı, milli-mənəvi dəyərlərimizi, böyüyə hörmət və məsuliyyət hissini də aşılamalıyıq. Unutmayaq ki, sağlam, savadlı və tərbiyəli gənclik Azərbaycanın ən böyük gücü və gələcəyimizin ən etibarlı təminatıdır.