QIZLARIN TƏHSİLDƏN YAYINDIRILMASI VƏ ERKƏN NİKAHLAR
Baxış sayı: 6
Təhsil, xalqların sosial, mədəni və iqtisadi rifahının yüksəlməsində çox önəmli bir faktordur. Cinsiyyətindən asılı olmayaraq təhsil prosesində bərabərliyi təmin etmək çox faydalıdır. Belə ki, oğlanların təhsil alması ilə yanaşı, qızların da təhsilli olması gələcək nəsillərin daha yüksək uğur əldə etməsinə töhfə verir. Lakin təəsüflə qeyd etməliyəm ki, dini xurafata yuvarlanan bəzi valideynlər düşünürlər ki, guya, qızların məktəbə getməsi onların tərbiyəsinin pozulmasına gətirib çıxarır. Əsasən, kənd yerlərində son illərdə təhsil imkanlarının yaxşılaşdırılmasına baxmayaraq, bu imkanlardan daha çox oğlanların yararlandığı, qız uşaqlarının təhsilinə isə ana-ata tərəfindən ancaq müəyyən yaşa qədər icazə verildiyi müşahidə edilir. Qızların təhsildən yayınmasının səbəblərindən biri olan erkən nikahın qarşısının alınması istiqamətində dünyanın demək olar ki, hər yerində olduğu kimi, ölkəmizdə də bir çox işlər görülməsinə baxmayaraq, azyaşlı qızların zorla evliliyə cəlb edilməsi halları hələ də mövcuddur. Qız uşaqlarının təhsil hüququnun qorunması cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Böyük mesenat Hacı Zeynalabdin Tağıyev əbəs yerə demirdi ki, “Təhsilli qadın təhsilli şəxs, təhsilli ailə və təhsilli gələcəkdir”. Ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb,cəmiyyət olaraq gələcəyin anası olacaq qızların kamil, intellektli və təhsilli insan kimi yetişməsinə şərait yaratmalıyıq.
