“ZƏFƏRİN UŞAQLARI İLƏ OXU MARAFONU”NUN QALİBLƏRİ MÜKAFATLANDIRILDI
Baxış sayı: 10
Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, (ANAİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi (Quba, Qusar, Xaçmaz) məktəblilərinin mütaliə yarışı” layihəsini uğurla yekunlaşdırıb. Layihənin əsas məqsədi şimal bölgəsində məktəblilər arasında oxu vərdişlərini inkişaf etdirmək, gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini nümayiş etdirmək olub. Layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarından seçilmiş 6 məktəbdən ümumilikdə 300 şagird, 108 müəllim və 6 kitabxanaçı mütaliə vərdişləri üzrə təlim və oxu marafonu prosesinə cəlb olunub. Məktəblilərə “Mənim kitab daxılım” təqdim edilib ki, bu da məktəblərdə oxu mədəniyyətinin formalaşdırılması və uşaqlarda kitab sevgisinin artırılması istiqamətində mühüm nəticələr verib. Bu marafonda Quba, Qusar və Xaçmazın hərəsindən 2 məktəb olmaqla ümumilikdə 300 şagird, 108 müəllim və 6 kitabxanaçı iştirak edib. Şagirdlər Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi tərəfindən həmin məktəblərin kitabxanasına hədiyyə olunmuş 5 adda kitabı 3 ay müddətində oxuyublar. Həmin kitablar Şəmil Sadiqin "Zəfər yolu", Rövşən Abdullaoğlunun "Mən yeməli deyiləm", Əziz Sultanın "Mübariz olmaq", Arif Əliyevin "Yalama" və Əzizə Cəfərzadənin "Anamın nağılları" kitablardır. Layihənin təqdimat, təlim və imtahan mərhələləri Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində uğurla həyata keçirilib. Təlimlərdə ANAİB İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, layihənin təlimçiləri, ekspertlər və eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.Oxu müddəti başa çatdıqdan sonra həmin kitablar əsasında hazırlanmış suallardan ibarət imtahan təşkil olunub və bu imtahanda 300 şagirdin kitabları nə dərəcədə anladığı sınağa çəkilib. Layihənin yekunu olaraq I Quba Kitab Sərgisi 31 oktyabr – 1–2 noyabr tarixlərində Quba şəhəri, Heydər Əliyev Mərkəzində təşkil olundu. Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru və ANAİB sədri Şəmil Sadiq, Quba şəhəri İcra Hakimiyyətinin müavini Tariyel İbrahimov, MÜSİAD başqanı Rəşad Cabirli, "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, şair Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxış etdilər. 3 gün davam edəcək sərgi çərçivəsində şagirdlər, müəllimlər və kitabxanaçılar üçün görüşlər, kitab müzakirələri, müəlliflərlə tanışlıq və müxtəlif maarifləndirici tədbirlər təşkil olunacaq. Sərgi zamanı “Zəfərin Uşaqları ilə Oxu Marafonu” qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Bu mərasimdə imtahanda ən çox bal toplayan ilk 10 yerin qalibi mükafatlandırıldı. 4-cü və 10-cu yerlər arasında qərar tutanlara çox gözəl kitablar hədiyyə olundu və sertifikatla təltif olundular. Müsabiqənin nəticələrinə əsasən Köhnə Xaçmaz kənd orta məktəbinin 8a sinfinin şagirdi Zəhra Əliyeva 77 balla Birinci yerin qalibi oldu. Layihə və sərgi həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Azərbaycan DövlətPedagoji Universitetinin Quba filialı, MÜSİAD Azərbaycan, “Yurdd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və QIAD-ın tərəfdaşlığı ilə, informasiya dəstəyi isə Qafqaz TV, 525-ci qəzet, həmçinin edebiyyat və incesenet.az tərəfindən təmin olunub.
