ŞƏHİD NURAN MİRZƏYEVƏ HƏSR OLUNAN KİTABIN TƏQDİMATI OLDU
Baxış sayı: 22
ADPU-nun Quba filialında “Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhid Nuran Akif oğlu Mirzəyevin xatirəsinə həsr edilən, ADPU-nun Quba filialının Ağsaqqallar Birliyinin sədri Şıxəmməd Seyidməmmədovun müəllifi olduğu “Vətən üçün şəhid oldum” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyünün bərpa edilməsində canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqlik sükutla yad etmişlər.
Sonra şəhid Nuran Akif oğlu Mirzəyevə həsr olunmuş, eləcə də qəhrəman döyüşçü barədə filialda keçirilən tədbirlərdən bəhs edən video-çarxlar nümayiş etdirilmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev torpaqlarımızın azadlığı yolunda şəhid olmuş Vətən oğullarının xatirəsinin qədirbilən xalqımız tərəfindən daim uca tutulduğunu xüsusi vurğulayaraq, şəhid Nuran Mirzəyevin timsalında onların hər birinin qəhrəmanlığının ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov və digər çıxışçılar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin onların qəhrəmanlığına dərin hörmət və ehtiramdan irəli gəldiyini qeyd etdilər. Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev və anası Təranə Mirzəyeva tədbirin təşkilatçılarına təşəkkürlərini çatdırdılar.
Şəhid anası Xalidə Niftəliyeva çıxışında igid övladlarımızın cəbhədəki qəhrəmanlığının gənc nəsil üçün vətənpərvərlik örnəyi olduğunu diqqətə çatdırıb. Tədbirin davamında tələbələr Günəş İsgəndərovun və Müjdə Nəbilinin ifasında şeirlər dinlənilmişdir.
Tədbirin moderatoru, Filologiya kafedrasının baş müəllimi Kəmalə Bayramova 44 günlük vətən müharibəsində qazanılan rəşadətli Zəfərin bütün istiqamətləri barədə ətraflı bilgi verib, qəhrəman övladlarımıza həsr olunan şeirlər söyləyib.
