ŞABRANDA YANĞIN GENİŞ ƏRAZİYƏ YAYILIB

Şabranda baş verən yanğın geniş əraziyə yayılaraq yaşayış evlərinə keçib. Nəticədə 3 ev yanıb. Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş əkin sahələrindən başlayan yanğın Dağbilici kəndində 3 evin yanmasına səbəb olub. Avqustun 15-də günorta saatlarında başlayan yanğının geniş əraziyə yayılmasına səbəb güclü küləyin olması olub. Dağbilici kəndində bir ev tamamilə, ikisi isə qismən yanıb. Digər evlər yanğından mühafizə olunub. Yanğın nəticəsində sakinlər arasında xəsarət alan yoxdur. Yanğın Mumlu və Qazma kəndlərində də sakinlərə məxsus ot tayaları və yardımçı tikililərə də ziyan vurub. Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə Fövqəladə Hallar Nazirliyindən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Şabrandan başqa Xaçmazın 4 kəndində qeydə alınan yanğınlar gecə saatlarında nəzarət götürülüb. FHN-indən verilən bilgirə əsasən hadisə nəticəsində Şabranda 500, Xaçmazda isə 40 hektara yaxın ərazi yanıb.