ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMUNUN 13-CÜ SESSİYASI İŞƏ BAŞLAYIB
Baxış sayı: 10
Mayın 17-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) işə başlayıb.
WUF13-ün ilk günündə Azərbaycanın sədrliyi ilə keçirilən və yeni təşəbbüs kimi irəli sürülən Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən görüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edib. Yeni Şəhərsalma Gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi kimi mövzuları əhatə edib.
Spikerlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də “Urban Expo” sərgisinin açılış mərasimi keçirilib. Xatırladaq ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi, həmçinin hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma rolunu oynayır.
