TÜRKSOY DÜNYA TÜRK DİLİ AİLƏSİ GÜNÜNÜ QEYD EİDİ

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və 15 Temmuz Demokrasi Muzeyinin birgə təşkilatçılığı ilə UNESCO tərəfindən elan olunmuş “15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk Dünyasının Dili: Minillik İrsin Səsi” mövzusunda beynəlxalq panel keçirib. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayan proqramın açılış çıxışlarında türk dilinin birləşdirici gücü, tarixi dərinliyi və gələcək nəsillərə ötürülməsi zəruri olan mədəni irs olduğu vurğulanıb. Panelin açılış nitqini söyləyən TÜRKSOY-un Baş katibi Sultan Raev 15 Dekabr – Dünya Türk Dili Ailəsi Gününün əhəmiyyətinə diqqət çəkərək bildirib: “Türk Dünyasının dili təkcə ünsiyyət vasitəsi deyil, həm də tariximizin, dəyərlərimizin və düşüncə dünyamızın daşıyıcısıdır. Raev, TÜRKSOY-un 2022-ci ildə yaratdığı “Türk Dilli Topluluqlarla Əlaqələr Şöbəsi” vasitəsilə dövlətçilik statusu olmayan türk topluluqlarının mədəni irsinin qorunmasını tarixi məsuliyyət kimi dəyərləndirdiklərini qeyd edib. O, dil sahəsində əməkdaşlığın mədəni inteqrasiyanın və ortaq gələcək baxışının ən möhkəm təməli olduğunu vurğulayıb. İstanbul millət vəkili Şamil Ayrım çıxışında Türk Dövlətləri Təşkilatının artan nüfuzuna və Türkiyənin Türk Dünyasına verdiyi önəmə diqqət çəkib. O, Zəngəzur dəhlizinin açılması ilə Orta Asiyaya qədər uzanan mədəni və coğrafi birliyin reallaşacağına inamını ifadə edib. Digər çıxışçılar 15 Dekabr tarixinin təsadüfi seçilmədiyini, bu günün danimarkalı alim Vilhelm Tomsenin Orxon yazılarını deşifrə etdiyini dünyaya elan etdiyi tarix olduğunu xatırladıb və türk dilinin elm və sivilizasiya dili olduğunu vurğulayıblar. Panel müzakirələrində Türk Dünyasının müxtəlif bölgələrindən olan mütəxəssislər türk dilinin keçmişi və bu günü ilə bağlı məruzələrlə çıxış ediblər. Tədbirdə Türkiyə, Qaqauziya, Krım, İraq, Şərqi Türküstan və digər bölgələrdən olan elm və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ankara Türk Dünyası Musiqi və Rəqs Ansamblının konsert proqramı ilə başa çatıb.