QƏLƏBƏ GÜNÜNÜN 102 YAŞLI ŞAHİDİ!
Baxış sayı: 22
Bu gün faşizm üzərində tarixi Qələbədən 81 il ötür. 1941–1945-ci illəri əhatə edən II Dünya müharibəsi bəşəriyyət tarixinin ən qanlı savaşlarından biri kimi yadda qalıb. Azərbaycan xalqı da həmin müharibədə böyük qəhrəmanlıqlar göstərib, yüz minlərlə oğul və qızımız cəbhəyə yollanaraq faşizmə qarşı mübarizədə iştirak edib. İllər ötüb, zaman dəyişib. Bu gün həmin qəhrəman nəslin nümayəndələrindən sağ qalanların sayı isə barmaqla sayılacaq qədər azdır. Quba rayonunda hazırda həmin müharibədən sağ qayıdanlardan yalnız bir nəfər həyatdadı. 102 yaşlı Qaflan Ömərov… 1924-cü ildə Qubanın Ərməki kəndində dünyaya göz açan Qaflan Ömərov 1942-ci ildə, cəmi 18 yaşı olarkən könüllü şəkildə cəbhəyə yollanıb. O illəri xatırlayan veteran deyir ki, Vətənin taleyi təhlükə altındaydı və hər kəsin bir amal uğrunda birləşməsi lazım idi. Qaflan Ömərovun döyüş yolu Moskvadan Belorusiyaya qədər uzanıb. O, müxtəlif istiqamətlərdə gedən ağır döyüşlərdə iştirak edib, ölüm-dirim savaşlarının canlı şahidinə çevrilib. Səngərlərdə keçən günlər, soyuq qış gecələri, mərmi səsləri və itirilən silahdaşlar onun yaddaşında silinməz izlər buraxıb. Veteran deyir ki, ən çətin anlarda belə onları ayaqda saxlayan bircə ümid vardı — Qələbəyə inam. Müharibə illərində göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif olunan Qaflan Ömərov, illər sonra da həmin ağır günləri unuda bilmir. O bildirir ki, müharibə insan həyatında ən böyük faciədir və bugünkü gənclər sülhün qədrini bilməlidirlər. Hazırda Quba şəhərində yaşayan veteran dövlət qayğısı ilə əhatə olunub. Yaşının çox olmasına baxmayaraq, yaddaşı və həyata bağlılığı ilə diqqət çəkən Qaflan Ömərov tez-tez gənclərlə görüşür, onlara vətənpərvərlikdən, birlikdən və torpağa bağlılıqdan danışır. Bu gün Quba sakinləri tez-tez müharibə veteranını ziyarət edir, onun keçdiyi şərəfli ömür yoluna ehtiramlarını bildirirlər. Çünki belə insanlar yalnız bir ailənin deyil, bütöv bir xalqın canlı tarixidirlər.
