QUBADA ULU ÖNDƏRİN ABİDƏSİ ZİYARƏT EDİLİB

Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi tərəfindən ziyarət edilib, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Sonra “Müstəqil Azərbaycanın memarı” adlı praktik konfrans keçirilib. Konfrans Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də respublikamızın suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənildi. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olmasından danışılıb və Ümummilli Liderin həyat yolunun yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəb olduğu vurğulanıb. Ölkəmizə rəhbərlik etdiyi illərin tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğu qeyd olunub. Çıxış edənlər bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddətdə əsrlərə bərabər tarixi inkişaf yolu keçdiyi bildirilib, Azərbaycanın haqq savaşında - 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə və 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etdiyi qeyd edilib.