QUBADA II KİTAB SƏRGİSİ KEÇİRİLİR

Qubada kitaba və mütaliəyə marağın artırılması, oxu mədəniyyətinin təşviqi və oxucularla yazıçıların görüşünün təmin edilməsi məqsədilə II Quba Kitab Sərgisi keçirilir.

Müxtəlif nəşriyyatları, müəllifləri və kitabsevərləri bir araya gətirən sərgi iki gün davam edəcək. Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı, BP-nin sponsorluğu, Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə reallaşan sərgi bir sıra qurumların və QafqazTV-nin rəsmi informasiya dəstəyi ilə keçirilir. Sərginin açılış mərasimində çıxış edənlər kitabın insanın dünyagörüşünün formalaşmasında, bilik və düşüncə səviyyəsinin yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, müasir texnologiyaların geniş yayıldığı dövrdə gənclər arasında mütaliə vərdişlərinin formalaşdırılması, kitaba marağın artırılması və oxucuların yeni nəşrlərlə tanış olması xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda bu kimi sərgilərin bölgələrdə mədəni həyatın canlandırılmasına, nəşriyyatlarla oxucular arasında əlaqələrin möhkəmləndirilməsinə, yerli müəlliflərin tanıdılmasına və ədəbiyyatın daha geniş auditoriyaya çatdırılmasına verdiyi töhfə diqqətə çatdırılıb. Bildirilib ki, kitab sərgiləri xüsusilə uşaqların və gənclərin mütaliəyə cəlb olunması, onların mütaliə zövqünün inkişaf etdirilməsi və yeni müəlliflər kəşf etməsi baxımından əlverişli imkan yaradır.İki gün ərzində sərgi iştirakçıları müxtəlif nəşriyyatların kitabları ilə tanış olmaq, yeni nəşrlər kəşf etmək, müəlliflərlə görüşmək və kitab təqdimatlarında iştirak etmək imkanı əldə edəcəklər. Proqram çərçivəsində təşkil olunacaq görüşlər oxuculara sevdikləri yazıçı və şairlərlə ünsiyyət qurmaq, əsərlərin yaranma tarixçəsi barədə məlumat almaq, onları maraqlandıran sualları müəlliflərə ünvanlamaq imkanı yaradacaq. II Quba Kitab Sərgisi bölgədə mütaliə ənənələrinin genişləndirilməsi, kitabın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi və xüsusilə gənc nəslin elmə, biliyə və ədəbiyyata marağının artırılması baxımından əhəmiyyətli mədəni tədbir kimi diqqət çəkir.