QUBADA HƏSƏN HƏSƏNOVLA GÖRÜŞ KEÇİRİLDİ
Baxış sayı: 15
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru professor Həsən Həsənovun anadan olmasının 85 illik yubileyi və elmi fəaliyyətinə həsr olunmuş “HƏSƏN HƏSƏNOV: BİR ÖMRÜN SİYASƏTİ VƏ HİKMƏTİ” mövzusunda görüş keçirilib. Filialın böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, Vətən yolunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra professor Həsən Həsənovun zəngin mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.Tədbirin moderatoru, filialın direktoru professor Yusif Alıyev qeyd edib ki, professor Həsən Həsənovun filialın bugünkü fəaliyyətində və inkişafında müstəsna rolu vardır. Belə ki, 1990-1992-ci illərdə Həsən Həsənov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışarkən imzaladığı qərarla filialın tarixi fəaliyyətinə bünövrə atılıb. Professor Yusif Alıyev həm də qeyd edib ki, Həsən Həsənov uzun illər dövlət idarəçiliyində təcrübə toplamış, müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Çıxışının sonunda professor Həsən Həsənova Quba xalçası və Təşəkkür məktubu təqdim edilib. Sonra digər çıxışçılar professor Həsən Həsənovun siyasi və ictimai fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunublar. Qeyd edilib ki, Həsən Həsənovun geniş ictimai-siyasi, elmi və diplomatik fəaliyyəti, dövlət-xidmət təcrübəsi, tədris və maarifçilik fəaliyyəti onu cəmiyyət və nəsillər üçün nümunəvi şəxslərdən birinə çevirib. Professor Həsən Həsənov belə bir tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib. Bundan sonra tədbir sualların cavablandırılması ilə davam edib. Sonda xatirə şəkili çəkdirilib.
