QIŞ TURİZM MÖVSÜMÜNÜN AÇILMASINA SAYILI GÜNLƏR QALIB

Dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, ancaq sərt qış aylarında istirahətin dadını çıxartmaq istəyənlərin də sayı az deyil. Dünya Turizm Təşkilatının statistikasına əsasən hər il səyahət etmək istəyənlərin təxminən 30 – 40 faizi istirahət mərkəzlərinə məhz qış aylarında üz tuturlar. Ölkəmizdə də qış turizmi ilbəil inkişafdadır. Məqsəd isə turist sayının artırılmasıdır. Bəs ötən illərlə müqaisədə bu il Azərbaycanda qış turizmi ilə bağlı hansı yeniliklər gözlənilir? Pandemiyadan əvvəl ölkəmizdəki dağ-xizək kurortlarına daha çox MDB və Ərəb ölkələrindən turist axını var idi. Məlum səbəbdən ölkələrarası gediş – gəliş bir az çətin olduğundan yerli turistlər say üstünlüyünü ələ alıblar. Bəs qış turizmi ilə daha çox məşhur olan ölkəmizin şimal bölgəsində necə, bu günə olan vəziyyət ürəkaçandırmı ? Ümumiyyətlə turizm şirkətlərinə üz tutanların sayında artım müşahidəolunurmu ? Məlumat üçün bildirək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 176 ölkədən 1 323,2 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Qeyd edək ki, bu barədə Dövlət Statistika Komitəsi bilgi yayıb.