KATZ :”TEHRAN SAKİNLƏRİ BUNUN ƏVƏZİNİ ÖDƏYƏCƏK”!

İsraillə dörd gündür davam edən silahlı qarşıdurma fonunda İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təkzib edib və xalqa birlik çağırışı edib. Pezeşkian bu barədə İran parlamentində çıxışı zamanı deyib. Prezident bildirib ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. Bununla yanaşı, ölkəsinin nüvə enerjisindən istifadə hüququna sahib olduğunu qeyd edib və enerji məqsədilə uranın zənginləşdirməyə davam edəcəklərini bildirib. “Fərqliliklərimizi bir kənara qoyub, soyqırımçı və cinayətkar düşmənin təcavüzünə qarşı güclü durmalıyıq. Düşmən bizi döyərək, öldürərək və sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər qəhrəmanın yerinə onu qaldıracaq yüzlərlə qəhrəmanımız var”, - deyə prezident qeyd edib. İsrailin cavabı da özünü çox gözlətməyib. Belə ki, İsrailin müdafiə naziri İsrail Katz İranın gecə ərzində mülki əhalinin tələfatı ilə nəticələnən yeni zərbələrindən sonrakı açıqlamasında “Tehrandakı təkəbbürlü diktator İsrail ordusunun onun imkanlarını məhv edən hücumlarının qarşısını almaq üçün İsraildə mülki əhalini atəşə tutmaqla qorxaq qatilə çevrilib. Tehran sakinləri bunun əvəzini ödəyəcək - həm də tezliklə", - deyə o, sosial şəbəkə hesabında yazıb.