İRAN-ERMƏNİSTAN HƏRBİ TƏLİMLƏRİNİN PƏRDƏARXASI MƏQAMLARI

Aprelin 9 və10-da Ermənistan və İranın xüsusi təyinatlı qüvvələri birgə hərbi təlimlər keçirəcək. Ermənistan Müdafiə Nazirliyinin verdiyi bilgiyə görə, bu təlimlər şərti “terrorçu hücumlarının” qarşısının alınması ssenarisi üzərində qurulub. Görünən odur ki, hər iki ölkə bu təlimlər vasitəsilə bölgədə yeni gərginlik ocağı yaratmağa və Azərbaycanı hədəfə almağa çalışır. Ermənistan ərazisində erməni, İran ərazisində isə iranlı hərbçilərin iştirakı ilə keçiriləcək təlimlərin ssenarisi diqqətçəkicidir – guya dövlət sərhədinə edilən “terrorçu hücumlarının” qarşısının alınması. Bu, əslində iki ölkənin Azərbaycana dolayı formada mesajıdır. Son dövrlər Ermənistanın atəşkəsi pozması ilə bağlı artan xəbərlər fonunda belə bir təlimin keçirilməsi heç də təsadüfi deyil. Bu cür təxribat xarakterli addımlara baxmayaraq, Azərbaycan bölgədə sabitliyin və dayanıqlı sülhün tərəfdarı olaraq təmkinli mövqe nümayiş etdirir. Ermənistan və İran isə bu təmkinə qarşı əzələ nümayişi ilə cavab verir. Ancaq unutmaq olmaz ki, regionda real hərbi güc balansı Azərbaycanın xeyrinə dəyişib və bu cür təlimlər balansı dəyişmək deyil, gərginliyi artırmaq məqsədi güdür. İran, Azərbaycanın ərazi bütövlüyünü pozan və separatçılığı dəstəkləyən Ermənistanla eyni platformada çıxış edir. Bu, İranın “dost qonşuluq siyasəti” ritorikasına ziddir və Azərbaycana qarşı gizli təzyiq mexanizminin formalaşmasından xəbər verir. Bir sözlə Ermənistanın və İranın bu təlimləri, əslində, onların bölgədə sabitliyə deyil, gərginliyə maraqlı olduqlarını göstərir. #Azərbaycan #Ermənistan #İran #hərbitəlim