İCRA BAŞÇISI SAKİNLƏRİN ŞİKAYƏTİNİ DİNLƏDİ, TAPŞIRIQ VERDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Çiçi kənd inzibati ərazi dairəsinin Səbətlər kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilən Şəhidlər xatirə kompleksinin və 44 günlük Vətən Müharibəsi şəhidi Tamerlan Səfərovun xatirə bulağının, həmçinin Səbətlər kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Elman Məmmədovun büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin önünə gül dəstələri düzmüşlər.