BAŞÇI HƏR BİR VƏTƏNDAŞI DİQQƏTLƏ DİNLƏDİ

Rayon İcra Hakimiyyətində və Küsnətqazma kəndində növbəti vətəndaş qəbulları keçirilib. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ölkə Prezidenti İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdəndir. Vətəndaşlara və onların problemlərinə daim böyük diqqət və qayğı ilə yanaşaraq özünün bütün çıxışlarında bu məsələləri ön plana çəkən dövlət başçımız, hər bir dövlət qulluqçusundan və hər bir məmurdan onların ərizə və şikayətlərinə diqqətlə yanaşmağı tələb edir. 17 sentyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Qəçrəş kənd inzibati ərazi dairəsinin Küsnətqazma kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Səyyar qəbuldan sonra İlqar Mahmudov Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirib, hər bir vətəndaş diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilib. Digər qaldırılan məsələlərlə bağlı isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə yönləndirilib.