Azərbaycanın görkəmli mütəfəkkiri, tarixçi alimi və maarifçisi Abbasqulu ağa Bakıxanovun Quba
rayonunun Amsar kəndində yerləşən ev-muzeyinin hazırkı vəziyyəti ciddi narahatlıq doğurur. Tarixi-mədəni irsimizin mühüm nümunələrindən biri olan muzeyin baxımsız vəziyyətdə qalması ictimaiyyətin diqqətini yenidən bu məsələyə yönəldib.Son vaxtlar sosial şəbəkələrdə yayılan görüntülər muzeyin mövcud durumunu bir daha gündəmə gətirib. Binanın, eləcə də həyətdə yerləşən heykəlin baxımsız vəziyyətdə olması narahatlıq doğurur. Məlumata görə, uzun müddətdir əsaslı təmir olunmayan muzeydə istilik sisteminin olmaması qış aylarında vəziyyəti daha da çətinləşdirir. Bu, həm burada çalışan əməkdaşların iş şəraitinə mənfi təsir göstərir, həm də mühafizəsi xüsusi diqqət tələb edən eksponatlar üçün risk yaradır. Muzeydə qorunan 300-ə yaxın nadir eksponatın temperatur və saxlanma şəraitinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Qafqaz TV – yə bildirilib ki, Sözügedən muzeyin təmir-bərpası məsələsi diqqətdə saxlanılır və müvafiq işlərin növbəti illər üzrə investisiya planına daxil edilməsi nəzərdə tutulur. Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən ev-muzeyində Abbasqulu ağa Bakıxanovun şəxsi əşyaları, əlyazmaları və nadir kitabları nümayiş etdirilir. Space ailəsi olaraq düşünürük ki, Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunması baxımından bu muzeyə xüsusi diqqət ayrılmalıdır. Aidiyyəti qurumları ev-muzeyində təxirəsalınmaz təmir-bərpa işləri aparmağa, tarixi məkanın gələcək nəsillər üçün qorunmasına və turistlərə layiqli şəkildə təqdim edilməsinə çağırırıq.
