AZƏRBAYCAN–ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ REGİONDA YENİ GEOSİYASİ REALLIQLAR YARADIR

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri Azərbaycanla Özbəkistan arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi.

Səfər çərçivəsində Zəngəzur dəhlizi, Mərkəzi Asiya ilə Azərbaycan arasında inteqrasiyanın gücləndirilməsi, eləcə də Özbəkistanın Qarabağda həyata keçirilən bərpa layihələrində fəal iştirakı əsas müzakirə mövzularından oldu. Səfərin mühüm nəticələrindən biri isə iki dövlət arasında Əbədi Dostluq və Müttəfiqlik haqqında müqavilənin imzalanmasıdır. Bu tarixi sənəd Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda regionun geosiyasi mənzərəsinin dəyişməsinə mühüm təsir göstərir. Əbədi Dostluq və Müttəfiqlik haqqında müqavilə həmçinin Türk dünyasının geostrateji birliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Türk dünyasında milli-mənəvi dəyərlərə, tarixi köklərə və ortaq kimliyə qayıdış prosesi əvvəlki illərlə müqayisədə daha sürətlə davam edir. Türklük anlayışı ayrı-ayrı xalqları birləşdirən tarixi irs olmaqla yanaşı, getdikcə daha geniş coğrafiyada qürur və həmrəylik mənbəyinə çevrilir. Qeyd edən ki, Azərbaycan-Özbəkistan münasibətlərindəki bu yaxınlaşma yalnız dövlətlər arasında qurulan siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Türk xalqları arasında insanlar səviyyəsində formalaşan münasibətlər, qarşılıqlı maraq və mənəvi bağlılıq inteqrasiya prosesinin daha sürətli irəliləməsinə şərait yaradır. Bir-birinə yaxınlaşan cəmiyyətlər dövlətlərarası əməkdaşlığın da daha möhkəm və davamlı xarakter almasına zəmin hazırlayır.