AZƏRBAYCANIN ƏN GÖZƏL DAĞLARI

Zəngin təbiətə malik Azərbaycan ərazisində çox sayda dağ var. 4466 m hündürlüyə qədər ucalan Bazardüzü zirvəsi Azərbaycanın ən yüksək nöqtəsidir. Ölkə ərazisinin 60 faizə qədərini isə dağlıq ərazilər tutur

. Bəs Azərbaycanın turistləri özünə cəlb edən ən gözəl dağları hansılardır?

  1. İlandağ

 İlandağ Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir və hündürlüyü 2415 metrdir. Vulkan mənşəli dağın yamacları sıldırımlıdır. Qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunub və onu yarıb keçərkən bərk yırğalanıb, bu zaman Nuh peyğəmbər deyib: “İnan, dağdır”. Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər. Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşüb. İlandağa zirvəsinin formasına görə Haçadağ da deyirlər. İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür.

  1. Şahdağ

  Qusar rayonu ərazisində yerləşən Şahdağ zirvəsinin hündürlüyü 4243 metrdir. Bu dağ adının yaranması haqqında xalq rəvayətləri var.  Tədqiqatçılara görə, bu oronimə yüksək, uca, hündür dağ olmasına görə Şah dağ, yəni “dağların şahı”, “ən yüksəyi” deyilib.

  1. Tufandağ

Baş Qafqaz silsiləsində yerləşən dağın hündürlüyü 4205 m-dir. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır.

  1. Kəpəz dağı

 Kəpəz dağı Kiçik Qafqazda, Göygöl rayonunun ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Hündürlüyü 3066 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olub. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl və Maralgölü əmələ gətirib.

  1. Bazardüzü

 Bazardüzü zirvəsi Azərbaycanın ən hündür nöqtəsidir və hündürlüyü 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir.