Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində “Buxarada Azərbaycan sədaları” adlı konsert proqramı təşkil olunub.
Buxara Gənclər Mərkəzində keçirilən tədbirdə Azərbaycan və Özbəkistan musiqiçiləri eyni səhnəni bölüşüblər. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov çıxış edərək Buxarada göstərilən qonaqpərvərliyə və tədbirlərin təşkilinə verilən dəstəyə görə Buxara vilayətinin hakimi Botir Zaripova və Buxara şəhər hakimliyinə təşəkkürünü bildirib. Səfir xalqlarımızın ortaq tarixi və mədəni dəyərlərinin ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Daha sonra çıxış edən Buxara vilayətinin hakimi Botir Zaripov Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, əlaqələrin müxtəlif sahələr üzrə inkişafından bəhs edib. Azərbaycan və Özbəkistan musiqiçilərinin ifasında təqdim olunan əsərlər konsert proqramına xüsusi ahəng qataraq tamaşaçılara xoş ovqat bəxş edib.
