ADPU-NUN QUBA FİLİALI XXX MƏZUN BURAXILIŞINI KEÇİRDİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının XXX məzun buraxılışı üçün Qərbi Azərbaycana ithaf edilən təntənəli “Məzun Günü” törəni keçirilib. Əvvəlcə Qubadakı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, Ümummilli Liderin əziz xatirəsi hörmət və ehtiramla anılıb. Qubadakı Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr” da keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ramiz Ramazanlının moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Filialın məzunları təqdim edilib, 12 qrupdan ibarət keçiddə hər bir qrup şərti olaraq Qərbi Azərbaycan mahallarının adları ilə adlandırılıb. Açılış nitqi ilə ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev çıxış edərək bütün qonaqları salamlayıb, tədbirin keçirilməsində yaradılan şəraitə görə Quba Rayon İcra Hakimiyyətinin Başçısı İlqar Mahmudova minnətdarlığını bildirib. Daha sonra tədbirdə dəvəti qəbul edib gəldikləri və filialdan 10 ixtisas üzrə 300 nəfər tələbənin məzun olduğu bu xoş günündə yer aldıqları üçün dəyərli qonaqlara öz təşəkkürünü bildirib. Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova çıxışında məzunları və filialın kollektivini səmimi qəlbdən təbrik edərək, əminliklə bildirib ki, təhsil ocağı bundan sonra da böyük nailiyyətlər qazanacaq. Tədbirdə çıxış edən Millət vəkili Əlibala Məhərrəmzadə tədbirin genişliyini və əhəmiyyətini xüsusi olaraq vurğulayaraq tədbiri Quba üçün bayram olaraq dəyərləndirib. Daha sonra Millət vəkilləri Mahir Süleymanov, Azər Badamov və Müşfiq Məmmədli geniş çıxışlarında ADPU-nun Quba filialının region üçün əhəmiyyətini vurğulayıb, təhsil və elmi istiqamətlərdə universitetin professor-müəllim heyətinin və tələbə-məzunlarının əldə etdiyi uğurları Azərbaycan təhsili üçün yüksək dəyərləndiriblər. Daha sonra Məzun Zəhra Məmmədovanın valideyni Fikrət Məmmədov çıxışında övladının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil almasından şərəf duyduğunu ifadə edib. Sosial iş ixtisası üzrə məzun Venera Avşalumova məzunları təbrik edərək onlara yüksək təhsil verən peşəkar pedaqoji heyətə minnətdarlığını ifadə edib. O, özünün əl işi olan Azərbaycan xəritəsini direktor Yusif Alıyevə təqdim edib. Tədbirin rəsmi hissəsinin sonunda hər ixtisas üzrə bir qrup məzun təhsil aldığı müddətdə tədrisdə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə sahib olduğu üçün filial rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif ediliblər. Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissə filialın İbtidai sinif müəllimliyi ixtisasının məzunlarının ifasında hazırlanmış “Ağbaba yallısı” ilə başlayıb. Daha sonra tədbirdə “Ləzginka” və “Art” rəqs qruplarının təqdimatından bir –birindən gözəl rəqslər, müğənni Əlövsət Səlimovun, Quba rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin Nağaraçılar qrupunun və DJ şou maraqla qarşılanıb. Tədbirin musiqili qonaqları sırasında tanınmış müğənni Ayaz Babayev də yer alıb. Tədbir məzunların xatirə şəkilləri çəkdirmələri ilə sona çatıb.