Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, ABŞ sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si ölkənin Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.
1970-ci ildən isə ABŞ-da, ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbii mühitin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. 1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud problemlərə, həmin problemlərin həll edilməsi üçün maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.