XAÇMAZDA TƏMİZLİK AKSİYASI KEÇİRİLİB

İyunun 8-də Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi əməkdaşları Nabranda təmizlik aksiyası keçiriblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud

Məsuliyyətli Cəmiyyətinin kollektivi  regionlarda keçirilən ənənəvi sosial aksiyaları davam etdirir.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən sahilyanı çimərlik ərazilər və meşə massivi məişət tullantılarından təmizlənib. Çimərlik mövsümünün başlanmasına az qalmış belə tədbirin keçirilməsi yerli sakinlər tərəfindən razılıqla qarşılanıb.

Tədbirin keçirilməsində əsas məqsəd Xəzər dənizinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə də atılan məişət tullantılarının Xəzərin faunasına vurduğu ziyanla bağlı ictimaiyyətin maarifləndirilməsi olub.

Aksiya zamanı həmçinin yerli sakinlərə dəniz sahilinin tullantılarla çirkləndirilməsinin Xəzər dənizinə və eləcə də ətraf mühitə, faunaya zərərləri barədə məlumat verilib.

Onu da qeyd edək ki, “Aztelekom” MMC-nin kollektivi bu qəbildən olan sosial aksiyaları digər bölgələrdə də davam etdirəcək.