QUBANIN BU KÜÇƏSİ NİYƏ TURİSTLƏRİN DİQQƏTİNİ ÇƏKİR?

Qubanın Mövlud Qonaq küçəsi, Quba–Xınalıq yolu üzərində yerləşən və şəhərə gələn turistlərin ən çox istifadə etdiyi mühüm marşrutlardan biridir. Bu küçə boyu yerləşən hasarların üzərinə şəhərin, bölgənin və ümumilikdə Azərbaycanın tarixi memarlıq abidələrinin və milli elementlərini əks etdirən rəsmlər həkk edilib.

Adi hasarlar indi sanki açıq səma altında sərgiyə çevrilib. Küçədən keçənlər burada tarixi tikililərin təsvirləri ilə qarşılaşır, şəhərin keçmişi isə müasir küçə mühitində öz əksini tapır. Bu cür təşəbbüslər şəhərin vizual görünüşü ilə yanaşı, tarixi irsin gündəlik həyatın bir hissəsinə çevrilməsinə də xidmət edə bilər. Quba üçün tarix yalnız muzeylərdə və kitab səhifələrində deyil. Bəzən onu küçə divarlarında da görmək mümkündür. Mövlud Qonaq küçəsindəki bu təsvirlər də şəhərin keçmişini sakinlərə və qonaqlara fərqli formada təqdim edir. Fikrimizcə bu cür layihələr genişləndirilməlidir. Bunun üçün tarixi abidələrin təsvirləri, onların haqqında qısa məlumatlar və şəhərin keçmişini əks etdirən digər elementlər vahid konsepsiya ətrafında birləşdirilə bilər. Bununlada, vaxtilə sadəcə küçə hasarları olan bu divarlar, gələcəkdə Qubanın tarixini danışan vizual yaddaş məkanlarına çevrilə bilər.