QUBADA WUF13 ÇƏRÇİVƏSİNDƏ FESTİVAL KEÇİRİLDİ

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə Quba şəhərində WUF13 Festivalı keçirilib. Günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin müəllim və tələbə heyəti, Quba şəhərində yerləşən müxtəlif məktəblərin və liseylərin şagirdləri, eləcə də Özbəkistandan ADPU-ya müəllimlərdən ibarət gələn qonaqlar iştirak ediblər.Tədbirdə çıxış edənlər WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarət olub. Axşam saatlarında Quba şəhəri Nizami adına mədəniyyət və istirahət parkında geniş festival və konsert proqramı keçirilib.Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Quba Rayon İcra Hakimiyyətinin və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, regional və digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Festival çərçivəsində müxtəlif mədəni proqramlar təqdim olunub, konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub. Keçirilən tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimaiyyətin maarifləndirilməsi, mədəni həyatın canlandırılması və gənclərin bu sahəyə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.