QUBADA ULU ÖNDƏRİN 103-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLİB
Baxış sayı: 43
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “ Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ulu Öndərin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Sadiq Qurbanov, Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və partiya fəalları iştirak edib. Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıq elan edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Konfransda çıxış edənlər bildiriblər ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi və memarı kimi ölkənin siyasi, iqtisadi və sosial inkişafında misilsiz xidmətlər göstərib. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitlik bərqərar olub, dövlət institutları möhkəmləndirilib və inkişafın möhkəm təməli qoyulub.Bildirilib ki, bu strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, iqtisadi gücünü artırıb, beynəlxalq arenada nüfuzunu möhkəmləndirib və regionun aparıcı dövlətinə çevrilib. Sonra YAP Quba rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. Sonda partiya sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
