QUBADA TİKİNTİ-QURUCULUQ İŞLƏRİ HƏYATA KEÇİRİLİR
Baxış sayı: 128
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsi, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasıdır. Qoyulan tələblərə uyğun olaraq, Quba rayonunda tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi istiqamətində tədbirlər həyata keçirilir, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır. Quba şəhərinin bir sıra küçələri yenidən qurulub, asfaltlanıbş, əsaslı və ya cari təmir olunub. Hazırda bu sahədə işlər daha geniş şəkildə həyata keçirilir. Quba rayon Şəhidlər Xiyabanında, Nizami adına Mədəniyyət və İstirahət parkında və Dədə Qorqud parkında Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir işlərinə başlanılıb və bu istiqamətdə işlər sürətlə aparılmaqdadır. Ətraf-mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayon ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir yeni yaşıllıqlar salınır, ağacəkmə aksiyaları həyata keçirilir. Qarşıdakı dövrdə də Quba şəhərində və rayonun digər ərazilərində yenidənqurma, tikinti, asfaltlanma və təmir işlərinin müntəzəm olaraq davam etdirilməsi, ehtiyac duyulan küçələrdə asfaltama və abadlıq işlərinin görülməsi, həmçinin digər istiqamətlərdə layihələrin həyata keçirilməsi nəzərdə tutulub