QUBADA SAĞLAM PSİXOSOSİAL İŞ MÜHİTİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ
Baxış sayı: 16
Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb,. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Komitənin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin rəis müavini Ruhid Hacəliyev, Dövlət Əmək Müfəttişliyinin Quba-Xaçmaz Regional idarəsinin rəisi Təngiz Nəzərov, ADPU Quba filialının direktoru, professor Yusif Alıyev, Quba 1 saylı Mediasiya Təşkilatının rəhbəri Hümmət Əliyev, həmçinin təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, təsərrüfat işləri üzrə direktor müavinləri və ETİHİ-nin rayon komitələrinin sədrləri iştirak ediblər. Tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bildirib ki, əmək mühitində yalnız fiziki təhlükəsizliyin təmin olunması kifayət etmir, eyni zamanda işçilərin psixoloji rifahı, emosional sabitliyi və sosial münasibətləri də daim diqqətdə saxlanılmalıdır. Çıxışının sonunda o, “sağlam mühit, sağlam təhsil, sağlam cəmiyyət deməkdir” fikrini xüsusi vurğulayaraq bütün qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb. Digər iştirakçılar da çıxışlarında sağlam psixososial iş mühitinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, əmək şəraitində psixoloji rifahın, emosional sabitliyin, sağlam münasibətlərin qorunması, eləcə də işçi hüquqlarının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
