QUBADA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLDİ
Baxış sayı: 14
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “ Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi ” mövzusunda konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət edilib, önünə gül dəstələri düzdülər. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ərazi partiya təşkilat sədrləri iştirak edib. “Nərgiz Plaza” şadlıq sarayında keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirildi. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.Konfransda çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov iştirakçıları salamlayaraq bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində mühüm yer tutur. Rayon rəhbəri qeyd edib ki, bu tarix xalqımızın müstəqilliyinin qorunması, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından əlamətdar gündür. İcra başçısı vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla yanaşı, dövlətçiliyimizin xilası və inkişafının əsasını qoyan tarixi bir gündür. Rayon təşkilatının sədri vurğulayıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan davamlı tərəqqi yoluna qədəm qoyub, ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənib. O, həmçinin qeyd edib ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, Prezident mükafatçısı, Əməkdar mədəniyyət işçisi Elza Orucova və Qaraçay qəsəbə ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Çıxışlardan sonra YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Konfrans bədii hissə ilə davam edib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
