Qubada innovativ təhsil layihəsinə start verildi

Qubada XXI əsrin ən vacib bacarıqlarından biri olan məntiqi düşüncə və proqramlaşdırma üzrə yeni bir mərhələnin başlanğıcı qoyulub. “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində “Fərdi layihələr” kateqoriyasının qalibi “MəntiqZadə” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə məktəb rəhbərləri, müəllimlər, valideynlər və layihəyə seçilmiş şagirdlər iştirak ediblər. Mərasim Azərbaycanın elm və innovasiya gündəliyinə uyğun şəkildə bölgələrdə istedadların dəstəklənməsi və gənclərin gələcək rəqəmsal peşələrə hazırlanması baxımından xüsusi önəm daşıyır. Təqdimat mərasimində çıxış edən layihə rəhbəri Lalə Məmmədova həmçinin bildiridiki, bu təşəbbüs sayəsində Quba şəhərinin 40 nəfər şagirdi növbəti 5 ay ərzində müasir tədris metodlarına əsaslanan xüsusi proqramla təlim keçəcək. Şagirdlərə məntiq testlərinin həlli, analitik düşünmə, proqramlaşdırma alqoritmləri, sadə kodlaşdırma tapşırıqları və innovativ layihələr üzrə biliklər veriləcək. Təlim müddətində uşaqlar həm də komanda işi, problem həll etmə, yaradıcı düşüncə kimi XXI əsrin vacib bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Mütəxəssislər vurğulayıblar ki, layihəni fərqləndirən ən vacib cəhət bölgədəki istedadlı uşaqların elm və texnologiya sahəsinə cəlb edilməsidir. Tədbir sonda layihənin gələcək mərhələləri haqqında məlumatlandırma ilə davam edib. Şagirdlərin qarşıdakı aylarda keçəcəyi tədris planı, iştirak edəcəkləri olimpiadalar və mümkün əlavə fəaliyyətlər barədə məlumat verilib. Tədbirin sonunda xatirə xatirə şəkilləri çəkilib.