QAFQAZ TV "REGİONAL EXPO QUBA 2026”NIN MEDİA DƏSTƏKÇİSİ İDİ
Baxış sayı: 11
Quba şəhərində yerləşən Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində MÜSİAD, TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə “REGİONAL EXPO QUBA 2026” tədbiri keçirilib. Regionun biznes, texnologiya və sahibkarlıq potensialını bir araya gətirən tədbirdə müxtəlif qurumların nümayəndələri, sahibkarlar, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.Tədbirdə innovasiya, regional inkişaf, sahibkarlığın təşviqi və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Sərgi çərçivəsində müxtəlif şirkətlərin məhsul və xidmətləri nümayiş olunub, iştirakçılar arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşlər keçirilib.“REGİONAL EXPO QUBA 2026”nın media dəstəkçisi isə Qafqaz Müstəqil Televiziya və Radio Şirkəti idi. Şimal bölgəsində fəaliyyət göstərən televiziya uzun illərdir regionda baş verən ictimai, sosial, iqtisadi və mədəni hadisələrin operativ şəkildə işıqlandırılmasını həyata keçirir. Qafqaz TV yalnız xəbərlərin təqdimatı ilə kifayətlənmir, eyni zamanda bölgənin problemlərini, insanların gündəlik həyatını, kənd və rayonlarda həyata keçirilən layihələri, turizm potensialını və yerli sahibkarlığın inkişafını geniş auditoriyaya çatdırır. Kanalın hazırladığı reportajlar və xüsusi verilişlər vasitəsilə şimal bölgəsində yaşayan insanların səsi ölkə ictimaiyyətinə təqdim olunur. Televiziya həmçinin regionda keçirilən forumlar, sərgilər, mədəni tədbirlər, idman yarışları və sosial layihələrin informasiya tərəfdaşı kimi çıxış edir. Operativ xəbər xidməti, maraqlı verilişlər və peşəkar media komandası ilə seçilən Qafqaz TV, eyni zamanda gənc jurnalistlərin yetişdirilməsinə və regional medianın inkişafına da töhfə verir. Qeyd edək ki, “REGİONAL EXPO QUBA 2026” kimi tədbirlərin işıqlandırılması regionun iqtisadi və ictimai həyatının tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Qafqaz TV isə bu istiqamətdə fəaliyyətini davam etdirərək şimal bölgəsində baş verən yenilikləri ölkə və dünya ictimaiyyətinə çatdırmağa çalışır.
