PAŞİNYAN BAŞKƏNDİ KƏRKİYƏ DƏYİŞMƏK İSTƏYİR
Baxış sayı: 15
Başkənd məsələsinin həlli variantlarından biri mübadilə ola bilər.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Göyçə vilayətində seçkiqabağı kampaniyası zamanı deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi üçün bu məsələ artıq gərginlik səbəbi deyil:
“Prinsip budur: Ermənistan və Azərbaycan delimitasiya prosesi ilə bir-birinə zərər vermək, yoxsa bizim və onların övladlarının artıq bu problemlərlə məşğul olmamaları üçün bu məsələləri həll etmək istəyirlər? Bizim vəzifəmiz uşaqlarımıza kadastr sənədi olan bir ölkə qoymaqdır. Qalan tək şey kadastr sənədindəki planları yekunlaşdırmaq və bu kadastr sənədi ilə təsdiqlənmiş bir dövləti nəsildən-nəslə ötürməkdir. Təhlükəsizlik olacaq və Ermənistanın müdafiə qabiliyyəti daim inkişaf edəcək”, - deyə Paşinyan bildirib. Qeyd edək ki, Paşinyan Başkəndin mübadiləsi təklifini daha öncə də gündəmə gətirib. İndi seçki öncəsi məsələ aktuallaşdığı üçün yenidən dilə gətirir. Bu təklif belədir ki, anklav olan Kərki kəndi və yaxud da Qazaxın üç anklav kəndindən biri ilə Başkənd mübadilə edilsin, yəni dəyişdirilsin. Paşinyan bunu problemi həll etməyin yolu kimi təqdim edir. Əslində isə bu, Ermənistanın məqsədlərinə xidmət edir. Yəni Kərkinin Azərbaycana qaytarılması o deməkdir ki, Azərbaycan Ermənistanın şimalı-cənubu birləşdirən magistral yoluna nəzarət etmək imkanı qazanır. Bu, Ermənistanın İrana çıxışına nəzarət deməkdir. O cümlədən, Qazaxın üç anklav kəndi də kifayət qədər strateji əhəmiyyətli bölgədə yerləşir.
