İRANIN YENİ PAYTAXTI BU ŞƏHƏR OLACAQ

İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan başqa bir yerə köçürülməsinin vacibliyini bildirib. Bu barədə "Fars" agentliyi bilgi yayıb. Prezident şəhərin həddindən artıq sıxlığı və su qıtlığı səbəbindən belə addımın zəruri olduğunu vurğulayıb. “Bizim seçimimiz yoxdur. Bu bir zərurətdir”, - Pezeşkian bildirib. O, həmçinin qeyd edib ki, əhalinin artması fonunda paytaxtda su problemi daha da dərinləşə bilər. Prezidentin sözlərinə görə, su çatışmazlığı yalnız Tehrana deyil, bir sıra İran əyalətlərinə də aid olan aktual problemdir. Pezeşkian açıqlamasında "paytaxtı cənuba köçürməkdən başqa çıxış yolumuz yoxdur" da deyib. 200 ildir ölkənin mərkəzi olan Tehranın başqa şəhərlə əvəz edilməsi məsələsi uzun müddətdir ki, İranda müzakirə mövzusudur. İran hökumətinin sözçüsü Fatimə Mühacirani hələ bu ilin əvvəlində ölkənin yeni paytaxtının hara olacağını açıqlamışdı. Onun sözlərinə görə, yeni paytaxt cənubda, Məkran bölgəsində nəzərdə tutulub. Qeyd edək ki, İranın paytaxtı dəyişdirmək məsələsi yeni bir mövzu deyil. 20-25 il bundan əvvəl ölkə rəhbərliyi arada bir dilə gətirib, lakin həyata keçməyib. Hələ o zamanlardan Təbriz və İsfahanın paytaxt olacağı ilə bağlı danışıqlar gedirdi. İranlı ekspertlərin fikrincə Pezeşkian “cənub” sözünü dilə gətirməkdə, İsfahanı nəzərdə tutub. Çünki İsfahan bu istiqamətdədir. İsfahan lobbisi İranda daha güclüdür. Paytaxtın İsfahan olmasına nail ola bilərlər. Bəziləri isə ehtimal edir ki, Bəsrə körfəzinə yaxın olan şəhərlər nəzərdə tutulur. Bəzi ekspertlər isə düşünür ki, bütün vədlər kimi, bu da bir neçə ildən sonra unudulub gedəcək və paytaxt heç yerə köçürülməyəcək.