İRANIN DÖVLƏT TELEVİZİYASI VURULDU

İsrail İranın Dövlət Televiziyasının binasını raketlə vurub. Bu barədə Teleqram kanallarında görüntülər paylaşılıb. Raket zərbəsindən sonra binada yanğın başlayıb. Qeyd edək ki, hücum canlı yayım zamanı həyata keçirilib. İran kanalının aparıcısı çıxışını yarımçıq kəsib və studiyada işıqlar sönüb. İranın dövlət yayım xidmətinin yüksək rütbəli rəsmisi Həsən Abidini bildirib ki, İran millətinin düşməni olan sionist rejim bir neçə dəqiqə əvvəl İran Dövlət Televiziyasının bir hissəsi olan İran İslam Respublikası xəbər şəbəkəsinə qarşı hərbi əməliyyata başlayıb. Habelə Abidini əlavə edib ki, İsrail hücumdan təxminən bir saat əvvəl xəbərdarlıq edərək, paytaxt Tehrandakı televiziya studiyalarının yerləşdiyi ərazinin boşaldılmasını tələb etmişdi. Xatırladaq ki, İsrail ordusu İran Dövlət Televiziyasının yayım korporasiyasının ofisinə iyunun 16-da zərbə endirib. Zərbə nəticəsində İran Dövlət Televiziyasının üç əməkdaşı həyatını itirib. Bu barədə bilgini "Fars" agentliyi yayıb.