İŞ ADAMLARI QAFQAZ TV VƏ QİAD-IN DƏVƏTİ İLƏ CƏNNƏT BAĞINDA OLDULAR
Baxış sayı: 4
Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən “Regional Expo Quba 2026” sərgisinə qatılan bir qrup iş adamı, Qafqaz tv və Quba İş Adamlarına Dəstək Platformasının dəvəti ilə Cənnət bağı istirahət və tədbir kompleksini ziyarət edib. Quba bölgəsinin turizm və işgüzar potensialını daha yaxından tanımaq məqsədi daşıyan görüş zamanı qonaqlar kompleksin müasir infrastrukturu, təbiətlə iç-içə qurulan konsepti, böyük tədbir imkanları və gələcək əməkdaşlıq perspektivləri ilə ətraflı tanış olublar. Səfər çərçivəsində iş adamlarına burada keçirilə biləcək biznes forumları, korporativ toplantılar, media layihələri, motivasiya düşərgələri, sərgilər, ailəvi və əyləncəli tədbirlərlə bağlı geniş təqdimatlar edilib. Bildirilib ki, Quba kimi turizm potensialı yüksək olan bölgələrdə keçirilən işgüzar tədbirlər həm şirkətlərin tanıtımına, həm də region iqtisadiyyatının canlanmasına ciddi töhfə verə bilər. Qonaqlara həmçinin Cənnətbağı Şirkətlər Qrupu haqqında da geniş bilgi verilib. Vurğulanıb ki, şirkətlər qrupu Quba və Altıağac istiqamətində fəaliyyət göstərən “Cənnətbağı” istirahət məkanları ilə yanaşı, Mingəçevirdə yerləşən Ağsaray Hotel vasitəsilə ölkənin turizm və qonaqpərvərlik sektorunda mühüm layihələr həyata keçirir. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları, bölgələrdə biznes və turizm yönümlü tədbirlərin təşkili, şirkətlərin media dəstəyi ilə tanıtımı və yeni ortaq layihələrin hazırlanması istiqamətində də fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Qafqaz tv bölgələrdə biznes, turizm və media əlaqələrinin gücləndirilməsi istiqamətində müxtəlif platformalar və layihələr üzərində fəaliyyətini davam etdirir.
