HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ "OXU BAYRAMI"

Qubada Xaçmaz Regional Mədəniyyət İdarəsi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və 2023-cü ilin “Heydər Əliyev ili” elan olunmasına həsr olunmuş “Oxu bayramı” keçirilib. Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin qarşısında, açıq havada keçirilən tədbirdə qonaqlar görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgilər, milli-mənəvi dəyərlərimizi əks etdirən kitab sərgiləri, MKS – nin mərkəzi kitabxanasının rəsm və bacarıqlı əllər dərnəklərinin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda fotostendlərlə tanış olublar. Tədbirdə 280 adda 1000-dən artıq müxtəlif dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər nümayiş etdirilib. Bayramda Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, şəhid ailələri və qazilər, mədəniyyət və təhsil işçiləri, gənclər, qubalı şair və yazıçılar, rayon ictimaiyyəti və başqaları iştirak edib. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyev çıxış edərək bayram münasibətilə hər kəsi təbrik edib. O, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulduğunu və möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin də Ulu Öndərin layiql i davamçısı kimi kitabxana sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Sonra Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov çıxış edərək ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işlərindən, Azərbaycan Respublikası Prezidentinin silsilə Fərman və Sərəncamlarından, kitabxana-informasiya sahəsindəki yeniliklərdən danışıb. Sonra II Qarabağ Müharibəsi şəhidi Nuran Mirzəyevin atası Akif Mirzəyev, AYB-nın Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba rayon MKS – nin direktoru Saməddin Nəsirov və başqaları çıxış edərək gənclərin və uşaq yaşlı oxucuların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını qeyd etdilər. Tədbir çərçivəsində “Oxu bayramı”nın təşkilatçıları və tədbirin ərsəyə gəlməsində fəal iştirak edən kitabxana əməkdaşları və fəal oxucular Fəxri Fərmanlarla təltif olunublar. Tədbirdə, həmçinin klassik Azərbaycan şairi Nizami Gəncəvinin obrazının canlandırılması, şairin qəzəllərinin səsləndirilməsi iştirakçıların marağına səbəb olub. Bayram tədbiri B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin, Quba Uşaq İncəsənət Məktəbinin və Quba Uşaq Musiqi Məktəbinin kollektivlərinin ifasında konsert proqramı ilə sona çatıb. Belə tədbirlərin keçirilməsində əsas məqsəd mütaliəyə diqqətin artırılması, ədəbiyyata marağı olan hər kəsin, habelə yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.