ERMƏNİSTAN VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDA
Baxış sayı: 9
Ermənistanın Tavuş vilayətində etiraz aksiyası davam edir. Etiraz aksiyası zamanı magistral yolu zorla bağlamağa çalışan nümayişçilərlə polis əməkdaşları və hərbçilər arasında əlbəyaxa dava olub. Qarşıdurma zamanı polis etirazçılara qarşı səs qumbarasından istifadə edib. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan gərgin vəziyyəti yatırmağa çalışıb. Qubernator Hayk Qalumyan etirazçıların yanına gələrək kənd sakinlərini radikal addımlardan çəkinməyə razı salmaq istəyib. Lakin ona qulaq asan olmayıb. Diqqətçəkən məqam isə bunun, ilk belə aksiya olmamasıdır. Bundan öncə də yerli əhali ilə hökumət qüvvələri arasında qarşıdurma olub. Hətta bu cür qarşıdurmalar paytaxt İrəvanda da yaşanır. Ermənistandakı gərgin siyasi vəziyyəti şərh edən ekspertlər hesab edirlər ki, hakimiyyət ona təhlükə törədəcək siyasi qüvvələri neytrallaşdırmaq və zərərsizləşdirmək niyyətindədir. Qarşı tərəf erməniliyin ideoloji mərkəzi olan kilsə olduğuna görə geri çəkilmək niyyətində görünmür. Bu proseslərin hətta vətəndaş müharibəsi ilə nəticələnəcəyi ehtimalı da artır.