BU TARİXDƏ SƏMADA "MARAL AY" GÖRÜNƏCƏK
Baxış sayı: 20
Bu il iyulun 10-da gecə səmasında "Maral Ay" ("Buck Moon") adlı unikal astronomik hadisə müşahidə olunacaq. Bu hadisə Ayın ilin ən alçaq mövqedə yerləşməsinə görə tanınır. Bu barədə bilgini "Live Science" elmi jurnalı verib. Astronomlar bildirirlər ki, bu möhtəşəm mənzərəni izləmək üçün ən uyğun vaxt günbatandan sonra, qürub şəfəqləri zamanı olacaq. Məhz bu vaxt Ay üfüqdə nəhəng ölçüdə görünəcək və narıncı rəngə bürünəcək. NASA-nın mütəxəssisləri bu effekti "Ayın illüziyası" adlandırılan optik fenomenlə izah edirlər. Bu zaman Ay üfüqə yaxın olduqda, insan beynində onun ölçüsü olduğundan daha böyük görünür, rəngi isə atmosferin təsiri ilə daha doymuş və tünd olur. Bu, həm insanın görmə qavrayışı, həm də atmosferdə işığın qırılması ilə bağlıdır. Bəs bu astronomik hadisə niyə maral ayı adlanır? "Maral Ay" adı Şimali Amerikanın yerli xalqlarının folklorundan qaynaqlanır. İyul ayı - cavan maralların buynuzlarının böyüyüb sərtləşməyə başladığı dövrdür. Bu, ovçu tayfalar üçün təbiətdə mühüm mərhələ sayılırdı və bu təbii dövr ayın adında əks olunmuşdu. Astronomlar şəhər işıqlarından uzaqda, açıq və təmiz hava şəraitində bu hadisəni izləməyi tövsiyə edirlər. Bu il "Maral Ay" Şimal yarımkürəsində üfüqə çox yaxın, Cənub yarımkürəsində isə adi səviyyədən daha yüksəklikdə görünəcək və parlaq, yadda qalan mənzərə yaradacaq.