ADPU-NUN QUBA FİLİALI NÖVBƏTİ MƏZUNLARINI UĞURLADI

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Quba şəhərində ali təhsil müəssisəsinin XXXI məzun buraxılış törəni keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və valideynlər iştirak edib.Məzun törənindən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə təzə tər çiçəklər düzülərək xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Yaşıl teatr”da davam edən tədbirdə Ulu Öndərin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin açılış bəyanatı ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Aliyev məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Direktor rəhbərlik etdiyi müəssisənin strateji hədəflərindən, təhsilin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal əmək bazarının tələblərinə cavab verən peşəkar kadr hazırlığından ətraflı bəhs etdi. Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov regionun davamlı inkişafında savadlı gənclərin rolunu vurğulayaraq, filialın son illərdə beynəlxalq tərəfdaşlıq və innovativ layihələr sahəsində qazandığı uğurların diqqət mərkəzində olduğunu bildirdi. Mərasimdə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun səmimi təbriklərini çatdıran prorektor, professor Asəf Zamanov pedaqogika elminin müasir texnologiyalarla vəhdətindən bəhs etdi. Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Azər Badamov isə insan kapitalının gücləndirilməsi, müəllimlik missiyasının dövlətçilik ənənələrinin qorunmasındakı müqəddəs rolunu diqqətə çatdırdı. Məzunlar adından çıxış edən Asiman Ramazanova və valideyn Elçin Nuriyev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və professor-müəllim heyətinə dərin minnətdarlıqlarını ifadə etdilər. Rəsmi hissənin sonunda yüksək akademik göstəriciləri ilə fərqlənən məzunlara və filialın səmərəli elmi-pedaqoji fəaliyyət göstərən müəllimlərinə fəxri fərmanlar təqdim olundu. Tədbirin bədii hissəsi Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlının moderatorluğu ilə davam etdi. Yüksək bayram əhvali-ruhiyyəsində keçən buraxılış mərasimi xatirə şəkillərinin çəkdirilməsi ilə sona çatdı.