“TƏHSİL” İSTİRAHƏT MƏRKƏZİNDƏ MİLLƏT VƏKİLİ İLƏ SƏMİMİ GÖRÜŞ

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tabeliyində fəaliyyət göstərən "Təhsil" istirahət mərkəzində olub.

Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən mərkəzə baş çəkən deputat əvvəlcə ərazidə yaradılmış şərait, müasir korpus və kotteclər, açıq və qapalı hovuzlar, idman-fitnes kompleksi, habelə yeməkxana və sosial-məişət obyektləri ilə tanış olub. Ardınca mərkəzdə dincələn elm və təhsil işçiləri ilə həmsöhbət olan Mehriban Vəliyeva onların əhval-ruhiyyəsi və istirahət şəraiti ilə maraqlanıb. Təhsil işçiləri ilə çay süfrəsi ətrafında davam edən görüşdə millət vəkili, istirahət mərkəzində dincələn həmkarlar ittifaqı üzvləri ilə fikir mübadiləsi aparıb, onların əmək fəaliyyəti, təhsil sahəsində aparılan islahatlar və sosial məsələləri müzakirə edib.Qeyd edək ki , Mehriban Vəliyeva həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təhsil işçilərinin keyfiyyətli istirahəti üçün yaratdığı imkanları xüsusi vurğulayıb. Millət vəkili bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq, gələcəkdə bu cür təşəbbüslərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Deputat tədbirin sonunda təhsil işçiləri ilə birlikdə xatirə fotosu çəkdirib.