Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyatından bəhs edən “Aytmatov” filmi beynəlxalq kino
mükafatına layiq görülüb. Gənc rejissor Kanıbek Kalmatovun ekranlaşdırdığı film “Brilyant kəpənək” Avrasiya Kino Mükafatında “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. Noyabrın 12-də Moskvada keçirilən mükafatlandırma mərasimində elan olunan nəticə Qırğızıstan kinosunun beynəlxalq uğuru kimi qiymətləndirilir. Filmdəki hadisələr 1979-cu ildə cərəyan edir. Ekran əsərində yazıçının həyatının mühüm mərhələləri, yaradıcılıq axtarışları, ailəsi və mənəvi seçimləri əks olunur. Süjetin əsasını Aytmatovun “Əsrə bərabər gün” romanı üzərində işlədiyi dövr təşkil edir. Yaddaş, milli kimlik və doğma torpağa bağlılıq filmin əsas ideya xəttini müəyyənləşdirir. Çingiz Aytmatov obrazını qırğız aktyoru Bolot Tentimişov canlandırıb. Filmdə Rusiyanın tanınmış aktyorları Sergey Bezrukov və Ravşana Kurkova da rol alıblar. Bezrukov ekran əsərində məşhur yazıçı Boris Pasternak obrazını yaradıb. 25 yaşlı Kanıbek Kalmatovun ideyası əsasında 2024-cü ildə yaranan filmin çəkilişində müasir texnologiyalardan, o cümlədən süni intellekt imkanlarından da istifadə olunub. Sentyabrın 14-də Bişkekdə təqdim olunan film oktyabrın 15-dən Qırğızıstan kinoteatrlarında nümayiş etdirilməyə başlayıb. Noyabrın 4-də isə Rusiya prokatına çıxarılıb. Müsabiqədə 19 ölkədən 41 filmin iştirak etməsi rejissorun qazandığı mükafatın əhəmiyyətini daha da artırır. Filmin Qazaxıstanda nümayişinin təxirə salındığı barədə məlumatlar da var. Bunun səbəbi prokat icazəsi ilə bağlı məsələlərdir. Ekran əsərinin Avropa ölkələri və ABŞ-də də nümayişi nəzərdə tutulur. Hələlik həmin nümayişlərin konkret tarixləri açıqlanmayıb. Çingiz Aytmatovun zəngin ədəbi irsini yeni nəsillərə tanıtmağı hədəfləyən film həm yazıçının həyatına, həm də onun yaradıcılığında mühüm yer tutan milli yaddaş və insanlıq dəyərlərinə diqqət çəkir.
