ERKƏN NİKAHLARIN FƏSADLARI

Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir. Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur.