ŞANLI ZƏFƏRİMİZİN 5 İLİ

2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi təsadüfi deyil. Belə ki, bu bir tərəfdən 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyini, digər tərəfdən isə dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə milli suverenliyini tam təmin etmiş 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyini qeyd etməyə xidmət edir. Azərbaycanın tam suverenliyinin bərpası 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror əmaliyyatı ilə təmin olunsa da, bu mərhələyə qədər uzun və şərəfli bir yol qət edilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. 27 sentyabrda başlayan müharibə 44 gün ərzində Azərbaycanın tam qələbəsi ilə nəticələndi və Şuşa şəhərinin azad olunması ilə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Daha sonra 2023-cü ilin sentyabr ayında uğurla icra edilən bir günlük lokal antiterror əməliyyatının keçirilməsi Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın tam suverenlik qazanmasına gətirib çıxardı. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.